Ölkə 16:34 29.04.2022

Oxçuçay ilə bağlı kampaniyaya hazırlıqlar başa çatdı (FOTOLAR)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə "Oxçuçay üçün hərəkətə keç" devizi altında start verilən "Beynəlxalq sosial mediada Oxçuçay mövzusunda kampaniyanın keçirilməsi" adlı layihənin hazırlıq mərhələsi başa çatıb.

Belə ki, formalaşdırılan bütün qruplar üzrə təlimlər bitdikdən sonra sosial mediada istifadə olunacaq materiallar - Oxçuçaydakı ekoloji balansın pozulması ilə bağlı laborator nəticələrin və xüsusi fotoşəkillərin əks olunduğu postlar, o cümlədən 3 dildə (Azərbaycan, rus və ingilis) kontentlər kampaniya iştirakçılarına təqdim edilib.

Layihənin yekun mərhələsində hər birində 30 nəfər gənc olmaqla 10 qrupun iştirakı ilə sosial media kampaniyası həyata keçiriləcək. Kampaniya çərçivəsində "Twitter" sosial media platformasında əvvəlcədən müəyyən edilmiş həştəqlərlə birlikdə hazırlanan post və kontentlər paylaşılacaq.

Kampaniyanın məqsədi sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini Oxçuçayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsi məsələsinə çəkmək və təxirəsalınmaz addımların atılmasını tələb etməkdir.

Qeyd edək ki, kampaniya 30 aprel səhər saatlarında start götürəcək və gün boyu davam edəcək. "Davam” Gənclər Hərəkatı bütün Azərbaycan gəncliyi və dünya azərbaycanlılarının kampaniyada aktiv iştirakı üçün çağırış edir.