Siyasət 16:07 26.09.2022

Politoloq xəbərdarlıq edir: Quru sərhədləri açmaq olmaz (SƏBƏB)

Son günlər Azərbaycana qonşu olan iki ölkədə, Rusiya və İranda vəziyyət xeyli dərəcədə gərginləşib. Hər iki ölkəni etiraz dalğaları bürüyüb. Rusiya hökumətinin qismən səfərbərlik elan etməsi burada müharibə əleyhinə olan çoxsaylı insanların küçələrə çıxması ilə nəticələnib. Bundan başqa, səfərbərlikdən yayınmaq istəyən çoxsaylı insan kütləsi təcili şəkildə Rusiyanı tərk etməyə çalışır.

Məlumatlara görə, səfərbərlik elan ediləndən bu yana 261 min insan Rusiyanı tərk edib. Onların da üz tutduğu əsas ölkələr qonşu dövlətlərdir. Səfərbərlik həmçinin Rusiyada yaşayan çoxsaylı azərbaycanlının da vətənə geri dönməsinə rəvac verə bilər. İranda baş verən hadisələr fonunda da bu ölkədə yaşayan soydaşlarımızın Azərbaycana sürətli axınının müşahidə olunması gözlənilir. 

Hazırda dünyada mövcud olan gərgin bir vəziyyətdə cənub və şimaldan olan bu axınlar Azərbaycana istər-istəməz təhlükəsizlik baxımından əlavə baş ağrısı verə bilər. Bir müddət əvvələ qədər Azərbaycanda quru sərhədlərin açılması vacibliyi irəli sürülürdü. Lakin hələlik bu istiqamətdə hər hansısa bir addım atılmayıb. 

Rusiya və İranda baş verən hadisələr fonunda quru sərhədlərin açılması nə dərəcədə məntiqlidir? 

Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycana qarşı müəyyən təxribatlar hazırlanır:



"Təhlükəsizlik baxımından quru sərhədlərin açılmasına ehtiyac yoxdur. Heç bir zəmanət yoxdur ki, Rusiya və ya İran üzərində ASALA və digər erməni terror təşkilatları üzvləri Azərbaycana gəlməyəcək. Bu mənada indiki durumda quru sərhədlərinin bağlı qalması daha məqbuldur. Azərbaycan öz təhlükəsizliyini təmin etməlidir. Hadisələrin təhlili, ermənilərin Zəngəzura silah-sursat yığması, onların Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a, baş nazir Nikol Paşinyanın isə Parisə getməsi onu göstərir ki, Azərbaycana qarşı da təxribatlar hazırlanır. Bu mənada dövlət öz təhlükəsizliyinin təmini düşünməlidir. Quru sərhədləri niyə açmalıdır ki?” 

Rüfət Sultan