Dünya 21:37 26.10.2022

Polşa və Finlandiya Rusiya ilə sərhəddə divar tikməyə hazırlaşır

Polşa Rusiyanın Asiya və Afrikadan olan qaçqınları Polşa-Rusiya sərhədindən keçirməsinin qarşısını almaq üçün Kalininqrad vilayəti ilə sərhədi boyunca istehkamlar tikməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bunu Polşa hakim Hüquq və Ədalət Partiyasının baş katibi Kşiştof Sobolevski bildirib.

"Biz Kalininqradla sərhədin bu hissəsində qüvvələrimizi gücləndirməli olacağıq. Bundan əlavə, hazırda sərhədin Polşa-Belarus hissəsində yerləşənlərə bənzər əlavə sərhəd istehkamlarının mümkün tikintisi barədə düşünəcəyik ", deyə baş katib Polşa Radiosunun efirində bildirib.

Sentyabr ayında Kalininqrad hakimiyyəti sanksiyalar fonunda Yaxın Şərq və Asiya "regionundan uçuşların coğrafiyasını genişləndirmək və yeni aviadaşıyıcıları cəlb etmək” üçün "açıq səma” siyasətini elan edib. Polşada bu, Kreml tərəfindən sonradan "hibrid müharibə"də istifadə edə bilməsi üçün miqrantların köçürülməsinə hazırlıq kimi qiymətləndirildi. 

On minlərlə miqrant Belarusdan Aİ-yə getmək üçün Bruzgi-Kuznitsa sərhəd keçidindən istifadə etməyə cəhd etdikdən sonra Polşa 2021-ci ildə fövqəladə vəziyyət elan etməli oldu. Miqrantların əksəriyyəti bu məqsədlə xüsusi olaraq Yaxın Şərq və Asiyadan gətirilib. Nəticədə onlar qida və tibbi yardım olmadan sərhədin Belarus tərəfində qalıblar.

Qərb ölkələri Belarus prezidenti Aleksandr Lukaşenkonu Aİ-nin şərq sərhədində qəsdən miqrasiya böhranı yaratmaqda ittiham edib. Rəsmi Minsk bu cür ittihamları rədd edib, Rusiya isə Lukaşenkonun hərəkətlərinin müdafiəsinə qalxıb.

Rusiyanın şimal qonşusu Finlandiya da sərhəddə hasar çəkməyi düşünür. Bu, Vladimir Putin tərəfindən səfərbərlik elan edilməsindən və bu səbəbdən 60 minə yaxın rusiyalının Finlandiyaya qaçmasından sonra baş verib.

"Biz hesabladıq ki, hasar, texniki nəzarət və giriş yolları bizim sərhəd nəzarətimizi artıq indi daha effektiv edəcək, amma Rusiyada iğtişaşlar zamanı bu, xüsusilə səmərəliliyimizi artıracaq", deyə Finlandiya sərhəd xidmətinin rəhbəri Pasi Kostamovaara bildirib.

Nizami Bağırov