Siyasət 12:23 13.08.2022

Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərə mesaj verdi (ŞƏRH)

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində Qarabağda yaşayan ermənilərə vacib 3 mesaj ünvanlayıb. Ölkə rəhbəri bildirib ki, Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcək, onlar hansısa xüsusi imtiyaza malik olmayacaqlar:

"Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən də bu belədir”. 

Dövlət başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir: 

"Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur”. 

Azərbayca Prezidentinin bəyanatını Qaynarinfo-ya şərh edən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, bu mesajla dövlət başçısı həmin istiqamətdə gedən spekulyasiyalara nöqtə qoydu:



"Azərbaycan Prezidentinin nəzərdə tutduğu strateji hədəflərə doğru gedirik. Ermənilərə hər hansı bir status vermək olmaz. Azərbaycan unitar dövlətdir. Onun tərkibində hər hansı bir şəkildə, əlahiddə bir xalqın seçilməsi deyilən anlayış yoxdur. Hamı Azərbaycan vətəndaşıdır və bu hüquqlardan da istifadə edirik. O cümlədən də, ermənilər. Ölkə vətəndaşlığını qəbul edənlərlə istənilən dinc ünsiyyət qurmaq olar, yerdə qalanları ilə isə bu mümkün deyil. Bu məsələ də öz həllini tapmalıdır. 

Prezident həmçinin sülhdən, barışdan da danışıb ki, ermənilər Azərbaycanın niyyətini anlasın. Ermənilər əraziləri tərk edərkən arxada buraxdıqlarını vəhşicəsinə dağıdırlar. Amma Azərbaycan gələcəyi düşünərək, azad etdiyi ərazilərdə avtomobil yollarını yenidən çəkir. Bu məsələyə xalqların gələcəkdə bir yerdə yaşamasını təmin edən jest kimi baxmaq lazımdır. Prezident bununla vəhşi erməni obrazı ilə qurucu azərbaycanlı obrazının fərqini göstərdi. Bu mesajla Prezident spekulyasiyalara nöqtə qoydu. Ermənilərə statusun, hansısa əlahidə imtiyazların verilməsilə bağlı bundan sonra heç bir söhbət olmayacaq”. 

Rüfət Sultan