Ölkə 15:08 23.06.2022

Prezident tapşırıq verib, Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir (YENİLƏNİB/FOTOLAR)

Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa  Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.

"Report"un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, təyyarə ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə iştirak edib:

"Bu, yanğınların söndürülməsində ən effektiv təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə həcminə malikdir. Suyu götürərək yanğın bölgəsinə yol düşür. Təyyarə tu gündən etibarən qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək".
 
15:08
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Bu barədə Qaynarinfo-ya FHN-dən məlumat əldə edib.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.