Siyasət 17:58 24.05.2022

Proporsional seçki sistemi bərpa ediləcəkmi? - Ekspert

Azərbaycanda proporsional seçki sistemi bərpa edilə bilər. Bir müddətdir ki, bu yöndə məlumatlar yayılır. Hətta artıq hakimiyyətin referenduma hazırlaşdığı da iddia edilir. Yayılan məlumatlarda həmçinin qeyd edilir ki, baş nazirin səlahiyyətlərinin artırılması və icra hakimiyyətlərin ləğvi planı da var. Hələ ki, bu məlumatlar rəsmi dairələr tərəfindən təkzib olunmayıb. Belə məlumatların yayılması ictimai fikrin öyrənilməsi ilə bağlı ola bilərmi?

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli Qaynarinfo-ya bildirib ki, hakimiyyətin belə bir niyyəti ola bilər. 

"Zənnimcə, yayılan məlumatlar da nəbz yoxlamasıdır. Mən buna ictimai rəyin öyrənilməsi kimi baxıram. Əslində elə belə də olmalıdır”, - deyə REAL yetkilisi əlavə edib. 
 


Natiq Cəfərli qeyd edib ki, təmsil etdiyi partiya hələ 2013-cü ildə proporsional seçki sisteminin bərpası, baş nazirin, bələdiyyələrin səlahiyyətlərinin artırılması, böyük şəhər bələdiyyəsinin yaradılması barədə təkliflər isrəli sürüb:

"Bundan başqa, 44 günlük müharibənin nəticələrinin Konstitusiyada əks olunması üçün referendumun keçirilməsini dəfələrlər təklif etmişik. Çox yaxşı ki artıq bununla bağlı müzakirələr gedir. Düzdür, hələ ki, hər hansı rəsmi açıqlama yoxdur. Amma deputatların, bəzi məmurların yerli icra hakimiyyətlərinin ləğvi, proporsional seçki sisteminin bərpası ilə bağlı açıqlamaları olub. Prezidentin son çıxışlarının birində də yerli icra hakimiyyətlərindən şikayətlərin olduğunu dilə gətirməsini bunun anonsu hesab etmək olar”. 

Keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli isə referendum barədə yayılan məlumatlara rəğmən, qısa müddətdə proporsional seçki sisteminin bərpasına inanmır. 
 


"Azərbaycan Avropa Şurasına daxil olan ölkələr arasında yeganə ölkədir ki, proporsional seçki sistemindən imtina edib. Halbuki Azərbaycanın öhdəliyi var. Əlbəttə, proporsional seçki sisteminin bərpası yaxşı olardı. Bunun üçün real müxalifət partiyaları ilə konsensus əldə olunmalı, gerçək seçki keçirilməlidir ki, xalq partiyalara səs versin və siyasi mübarizə küçərlərdən parlament müstəvisinə keçsin”, - deyə keçmiş deputat vurğulayıb. 

Seyid