Dünya 14:06 07.09.2022

Qərb Ukraynanın Putinlə bağlı tribunal yaradılması tələbini dəstəkləmir

Ukraynanın əsas Qərb müttəfiqləri Ukraynada müharibəyə başlamasına görə Rusiya rəhbərliyi üzərində tribunal yaratmaq təklifini dəstəkləməyib. Qərb manevr üçün yer saxlamağa çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” Ukrayna rəsmilərinə istinadən yazır.

"Bu, böyük siyasətdir. Bir tərəfdən, ölkələr açıq şəkildə təcavüzü pisləyir, digər tərəfdən isə Rusiya ilə münasibətlərin bağlanan qapısında dayanırlar ki, o, axıra kimi bağlanmasın”, - deyə Rusiyaya qarşı beynəlxalq tribunalın yaradılmasında iştirak edən Ukrayna prezidentinin ofisinin rəhbərinin müavini Andrey Smirnov bildirib.

Ukrayna rəsmiləri aprel ayından bəri Qərb müttəfiqlərini Rusiya rəhbərliyini hesaba çəkməyə inandırmağa çalışırlar. Lakin indiyədək Kiyev bu məsələdə yalnız Baltikyanı ölkələr və Polşadan dəstək alıb. "Biz daha geniş dəstək gözləyirik. Böyük Britaniya və ABŞ-ın, eləcə də bütün sivil dünyanın dəstəyi bizim üçün çox vacibdir”, - deyə Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyir ki, Avropa rəsmiləri Beynəlxalq cinayət məhkəməsinin Rusiyanın cinayətlərinə baxmaq üçün kifayət etdiyinə inanaraq tribunal yaratmaq istəmirlər. Lakin Kiyev xatırladır ki, BCM-nin səlahiyyəti konkret hərbi cinayətlərə dair işlərə baxmaq və onlara görə məsuliyyət daşıyanları cəzalandırmaqdır. Bu, yüksək rütbəli məmurların məhkəmələrini faktiki olaraq aradan qaldırır.

Böyük Britaniyanın yeni baş naziri Liz Trass may ayında Rusiya ilə bağlı tribunalın yaradılmasını dəstəkləməyi nəzərdən keçirəcəyinə söz vermişdi və Avropa Şurası sentyabrın 13-də Ukraynanın təklifini müzakirə edəcək. ABŞ bu barədə birbaşa danışmır, lakin prezident Co Bayden bu ərəfədə Rusiyanı terrorizmin sponsoru elan etməkdən imtina edib. Ağ Ev hesab edir ki, bu, Ukraynaya beynəlxalq dəstəyə mane olacaq, Rusiya ilə taxıl sazişini pozacaq və münaqişənin həlli üçün diplomatik səylərə mane olacaq.

Kreml əmindir ki, Rusiya prezidenti Vladimir Putin heç vaxt hərbi cinayətlərə görə mühakimə olunmayacaq. Prezidentin sözçüsü Dmitri Peskov "Sky News”a müsahibəsində "Xeyr, biz bunun heç bir ehtimalını görmürük" deyib.

Nizami Bağırov