Ölkə 17:38 04.07.2022

Qızların oğlanlardan ayrılması təklifinə təhsil ekspertindən reaksiya

"Bura nə Əfqanıstandır, nə də İraq. Bura Azərbaycandır, burada hər bir səsin fikirlərinə hörmətlə yanaşılır. Tolerant bir ölkəyik, cinslərə görə ayrıseçkilik salmaq doğru deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi psixoterapevt və klinik psixoloq Əli Nağıyevin "Qız məktəbləri ayrılsın, cinsi biliklər öyrədilsin” fikirinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, təhsil sistemində saysız-hesabsız problemin olduğu vaxtda belə məsələni müzakirəyə çıxartmaq məqsədəuyğun deyil:

"Təhsil sahəsində kifayət qədər problemlərimiz var və biz bu istiqamətdə işlər aparmalıyıq. Gender bərabərliyi bütün sferalarda qorunub saxlanılsa, daha məqsədəuyğun olar. Eləcə də təhsil sistemində. Qızları ayrıca bir cəmiyyət olaraq formalaşdırmaq, dərslər vermək, cinsi biliklərlə bağlı tədris vermək yalnış istiqamətə yönlənməyə imkan verən bir hal olacaq. Ona görə də hər şeyin əvvəlki kimi qalması daha məqsədəuyğundur. Biologiya dərsində insan anatomiyası öyrədilən zaman istər oğlan, istərsə də qız uşaqları insanın fiziki quruluşu və cinsi biliklərlə bağlı müəyyən informasiyalar əldə edir. Bu, normal yanaşma deyil”. 

Təhsil eksperti vurğulayıb ki, Azərbaycan cəmiyyəti olaraq çalışmalıyıq ki, qızları təhsilə cəlb edək:

"Və ondan sonra biz onların digər problemlərini həll edərik. Təəssüflər olsun ki, respublikanın digər rayonlarında qız uşaqları erkən yaşlarda nikaha cəlb olunur. 9-10-cu sinif şagirdləri ərə verilir. Bu, doğru yanaşma deyil. Təhsilli ana gələcək üçün daha potensiallı vətəndaş yetişdirə bilər. Düşünürəm ki, biz qız uşaqlarını təhsilə cəlb etməliyik”.

Bahar Rüstəmli