Ölkə 18:42 13.10.2022

Quba Xəstəxanasında həkim və sürücü döyüldü

Quba Mərkəzi Xəstəxanasında həkim və sürücü döyülüb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün öncə baş verib. Belə ki, Namiq adlı şəxs təcili tibbi yardım avtomobili ilə koronavirus xəstəsi kimi müayinə olunması üçün Xaçmaz rayonundan Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, müayinə olunduqdan sonra yaşadığı Xaçmaz rayonuna qayıtmaq üçün maşın tələb edib. 

Saat 18.00 radələrində xəstəxana binasına tibbi maskasız daxil olub və qışqıraraq həkimdən avtomobillə evinə aparmasını istəyib. Xəstəxananın Ənvər adlı həkimi onun maska taxmasını tələb etdikdən sonra əsəbləşərək təhqir edib və dirsəyi ilə ağız nahiyəsindən zərbə vuraraq, döyməyə başlayıb. Xəstəxananın sürücüsü Elvin araya girərkən həkimi xilas etməyə çalışıb və bu zaman sağ gözünün altına yumruq zərbəsi dəyib.

Məhkəmə zamanı məlum olub ki, hadisəni törədən şəxs Xaçmaz rayonunun Niyazoba kəndində yaşayır. 2-ci Qarabağ müharibəsi veteranıdır. 

O, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və məhkəmənin qərarı ilə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri növündə cəza təyin edilib.

Əhməd