İdman 13:31 16.08.2022

Qurban Qurbanov: "İnanıram ki, tərəfdarları razı sala biləcəyik".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
 
Qaynarinfo xəbər verir ki, mütəxəssis Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri ilk oyunundan əvvəl bunları söyləyib:

"Qruplara düşmək üçün son sınağımızdır. Bu vaxtadək fərqli rəqiblərə qarşı oynadıq. Hazırkı rəqibimiz digərlərindən tam fərlənir. Çexiya futbolu oyun nizam-intizamı ilə seçilir.

Bu cür komandalara qarşı oynamışıq. Biz daha çox güc sərf etməliyik. Bakıda və səfərdə çox dözümlü olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Azarkeşləri yaxşı mübarizə və oyunla sevindirmək istəyirik. Matça maraq da çoxdur. Fanatların inamını qoruyub saxlamaq niyyətindəyik. İnanıram ki, tərəfdarları razı sala biləcəyik".

Qurbanov görüşün biletləri satışa çıxan zaman baş verən texniki problemə münasibət bildirib: "Klub tərəfindən hansısa çatışmazlıq olubsa, azarkeşlər üzrlü saysınlar. Klub hər şeyi edir ki, fanatlar narazı qalmasın. Təəssüflər olsun ki, stadionda yalnız 28-30 min azarkeş olur".

Baş məşqçi tərəfdarların oyuna maraq göstərməsinə sevindiyini söyləyib: "Azərbaycanda futbola maraq artıb. Bizdə futbolu sevirlər və azarkeşlər var. Sadəcə, onları küsdürmək olmaz. Fanatların futbola olan sevgisini görürük. İşimizi elə qurmalıyıq ki, sevgi davam etsin. Azarkeşləri alqışlayıram. Bizə olan inamlarını göstərirlər. Baş verənlərə narazılıq deməzdim. İstərdim ki, fanatların hamısı stadionda olsun. İnanıram ki, gələcəkdə futbolumuz və çempionatımız daha yaxşı səviyyəyə çatacaq".

Avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.