Dünya 18:16 21.09.2022

Rusiya qazından imtina Avropaya 500 milyard avroya başa gələcək

Enerji böhranı Avropaya ən azı 500 milyard avroya başa gələcək. Bu, Avropa ölkələrinin hakimiyyət orqanlarının böhranın nəticələrinin qarşısını almaq üçün gördüyü tədbirlərdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” Belçikanın "Bruegel” analitik təşkilatının hesablamalarına istinadən yazır.

Analitiklərin hesablamalarına görə, hazırda Aİ ölkələri böhrana qarşı mübarizə üçün müxtəlif tədbirlərə 314 milyard avro ayırıblar. Bu pullar vergi və biznes üçün güzəştlər, eləcə də əhaliyə kompensasiyalar üçün istifadə olunacaq. 

Böyük Britaniya analoji tədbirlər üçün 178 milyard avro ayırır. Eyni zamanda, "Bruegel” əmindir ki, bu xərclər səviyyəsi yalnız başlanğıcdır və dövlətlərin real xərcləri yalnız qış yaxınlaşdıqca artacaq.

"Əvvəlcə müvəqqəti problem kimi görünən şeyə cavab olaraq düşünülən bu tədbirlər şişirdilib və struktur xarakter alıb. Enerji qiymətləri yüksək qaldığı üçün xərclər artacaq və açıq şəkildə dayanıqsız dövlət maliyyə problemi yaradacaq”, deyə "Bruegel” şirkətinin analitiki Simone Tagliapietra bildirib.

Nizami Bağırov