Dünya 14:35 28.11.2022

Rusiya təkcə Ukrayna ilə deyil, Yaponiya ilə də müharibə etməyi planlaşdırırmış

Rusiya təkcə Ukrayna ilə deyil, Yaponiya ilə də müharibə etməyi planlaşdırırdı.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek” nəşri anonim keçmiş FSB zabitinin bəyanatına istinadən yazıb.

Mediaya "Veter peremen” təxəllüsü altında gizlənən şəxsdən rusiyalı hüquq müdafiəçisi və jurnalist Vladimir Oseçkinə ünvanlanmış məktub daxil olub. Orada deyilir ki, Kremlin rəhbəri Vladimir Putin Ukraynaya müdaxilədən əvvəl Yaponiya ilə hərbi münaqişə variantını nəzərdən keçirib.
"Ölkələrin (Rusiya və Yaponiya - red.) kəskin qarşıdurma və hətta müharibə mərhələsinə keçəcəyinə inam yüksək idi. Amma nəyə görə müharibə üçün Ukraynanın seçildiyi səbəbləri məlum deyil", - məktubda deyilir.

Həmçinin 2021-ci ilin avqustunda Kremlin "Yaponiya ilə lokal hərbi münaqişə ilə bağlı kifayət qədər ciddi planları” olduğu bildirilir. Lakin sonda Rusiya Federasiyasının rəhbərliyi bir neçə aydan sonra Ukraynaya işğala başlamaq qərarına gəlib. Xüsusilə, yaponları "faşist” və "nasist” kimi qələmə verəcək Kremlin təbliğat maşınının paralel olaraq işə salınması planlaşdırılırdı.

Bu məktubu "Bellingcat”in nümayəndəsi Kristo Grozev nəzərdən keçirib. Onun sözlərinə görə, məktubu iki FSB əməkdaşına (indiki və keçmiş) göstərib. Mənbələr məktubu onların həmkarı tərəfindən yazıldığına heç bir şübhələrinin olmadığını bildiriblər. 

Yaponiya və Rusiya Federasiyası arasında II Dünya müharibəsindən sonra SSRİ tərəfindən işğal edilmiş Yaponiyanın Şimal əraziləri: Kunaşir, İturup, Şikotan və Habomai adaları ilə bağlı həll olunmamış münaqişə var.

"Yaponiya üçün müasir geosiyasətin təməl daşı buradadır: İkinci dünya müharibəsində məğlub olmuş ölkə statusu hazıradək yaponların rəsmi hərbi silahlı qüvvələrə, xarici kəşfiyyat xidmətinə və bir sıra başqa şeylərə malik olmasına mane olur. Yaponiya üçün, Kuril adalarının qaytarılması əslində onların müharibədən sonrakı statusuna yenidən baxılması və ya hətta ləğv edilməsi demək olardı”, - keçmiş FSB zabiti məktubunda izah edib.

Nəşr qeyd edir ki, Çin müharibədən sonrakı razılaşmalara yenidən baxılması cəhdlərinə mənfi baxır və Tokionun Kuril adaları ilə bağlı mübahisədə potensial qələbəsi Pekin üçün qəbuledilməzdir. Çin bundan sonra Rusiya Federasiyasının həyatını çətinləşdirə bilər.

Media əlavə edir ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Kuril adaları məsələsində Rusiya ilə danışıqlar aparmağa, eləcə də ölkənin kəşfiyyat xidmətində islahatlar aparmağa çalışıb.

2021-ci ilin avqustunda FSB Yaponiya xüsusi xidmət orqanlarının İkinci dünya müharibəsi zamanı sovet vətəndaşlarına necə işgəncə verməsi ilə bağlı məlumatları məxfilikdən çıxarıb. Məktub müəllifi qeyd edir ki, xidmətin qarşısında "Rusiya cəmiyyətində Yaponiyaya qarşı informasiya kampaniyası”na başlamaq vəzifəsi dayanıb.

Bundan əlavə, avqustun 16-da bir sıra Rusiya KİV-ləri məxfilikdən çıxarılan sənədləri tamamilə fərqli bir tonda müzakirə edərək "özlərindən çıxıblar: yaponlar guya sovet əsirləri üzərində dəhşətli bioloji təcrübələr aparıblar və onlarla çox pis rəftar ediblər.

"Görünür, onlar Yaponiyanı Ukraynaya dəyişiblər”, - məktubda deyilir.

Keçmiş FSB zabiti onu da əlavə edib ki, Kreml rejiminin manyakcasına müharibə etmək istəyi ucbatından Rusiya üçün müharibə qaçılmaz idi.

Nizami Bağırov