Dünya 18:54 06.12.2022

Rusiyada Stalinqrad adının qaytarılması üçün hazırlıqlara başlandı

Volqoqrad hakimiyyəti şəhərin adının Stalinqrad olaraq dəyişdirilməsi üçün hazırlıqlara başlayıb. 

Qaynarinfo xəbər verir ki, "Kommersant" qubernator Andrey Boçarovun bəyanatına istinadən yazır ki, bu məqsədlə onlar əvvəlki adın vilayət mərkəzinə qaytarılması ilə bağlı vilayət sakinlərinin rəyini öyrənmək üçün ictimai şura yaradıblar.

"İctimai şuranın işi çətin və çox məsuliyyətlidir. İlkin olaraq qəhrəman şəhərin,  Volqoqrad vilayətinin sakinlərinin ictimai rəyini keyfiyyətli, hərtərəfli öyrənilməlidir”, - deyə Boçarov şuranın ilk iclasında bildirib.
Onun sözlərinə görə, hakimiyyət ictimai şura üzvlərinin "çox məsuliyyətli münasibətinə və keyfiyyətli işinə” ümid edir. Boçarov xəbərdarlıq edib ki, onların işi əsasında "həqiqətən tarixi əhəmiyyətə malik" qərarlar qəbul ediləcək.

O, şəhərin keçmiş adını "igidlik və qəhrəmanlıq simvolu” adlandırsa da, adının dəyişdirilməsi ilə bağlı qərarın "yalnız sakinlərin mövqeyi əsasında qəbul edilməli olduğunu” vurğulayıb. Eyni zamanda, Boçarov qeyd edib ki, "ən obyektiv nəticə”ni referendum verə bilər.

Bununla belə, Boçarov tərəfindən iyul ayında imzalanmış "Volqoqrad vilayətinin inzibati ərazi quruluşu haqqında” qanuna edilən dəyişikliyə əsasən, artıq yaşayış məntəqələrinin və küçələrin adlarının dəyişdirilməsi üçün vətəndaşlar arasında sorğu keçirməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə beş gün ərzində müvafiq bələdiyyə orqanına sənəd göndərmək lazımdır ki, o da növbəti 45 gün ərzində razılığını və ya etirazını bildirsin. 

Şəhərin Sovet diktatoru İosif Stalinlə bağlı keçmiş adına qayıdacağı ilə bağlı düzəlişlər Volqoqrad sakinlərinin narahatlığına səbəb olub, Lakin Boçarov əmin edib ki, sakinlərin rəyi olmadan bunu etməyəcək. 

1961-ci ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Stalinqradın adı dəyişdirilərək Volqoqrad adlandırıldı. Rusiya Federasiyası Kommunist Partiyası müntəzəm olaraq şəhərin əvvəlki adına qaytarılması mövzusunda spekulyasiyalar aparır. Politoloq Aleksandr Sayqının fikrincə, real sorğu olacağı təqdirdə sakinlərin əksəriyyəti bunun əleyhinə çıxacaq. O, xəbərdarlıq edib ki, Boçarovun təşəbbüsü təkcə onun deyil, həm də federal hökumətin reytinqini "zədələyəcək”.

Nizami Bağırov