Dünya 13:39 24.05.2022

Rusiyanın dövlət büdcəsi müharibəyə nə qədər dözəcək? - Ekspert

Hər bir müharibə həm də dövlət büdcəsindən xeyli sayda vəsaitin məhz bu istiqamətə xərclənməsi deməkdir. Qərb analitiklərinin məlumatlarına görə, Rusiya Ukraynada apardığı müharibəyə görə, hər gün 500 milyon dollara yaxın pul itirir. Artıq bu savaşın başlanmasından 3 ay vaxt keçir. Deməli, 90 günlük hərbi əməliyyatın gedişində Rusiyanın hardasa 45 milyard dollar vəsaiti beləcə göyə sovrulub. Rusiyanın 2022-ci il üçün dövlət büdcəsi isə hardasa 650 milyard dollara yaxındır. Belə vəziyyətdə, maraqlıdır, Rusiyanın dövlət büdcəsi müharibəyə nə qədər dözə bilər? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirdi ki, müharibənin daha 6 ay uzanması ilə Rusiya hərbi əməliyyatları maliyyələşdirməkdə çətinlik çəkəcək.
 
Onun sözlərinə görə, bu istiqamətdə Rusiyaya əsas zərbəni tətbiq ediləcəyi təqdirdə, neft-qaz sektoruna qoyulan embarqo vuracaq:
 
"Müharibənin başlanması və Rusiyaya qarşı sanksiyaların tətbiqi dünyada neft və qazın qiymətinin artmasına rəvac verib. Bu əsasda Rusiya ancaq neft və qazdan gündəlik 1 milyard dollar qazanır. Bu nöqteyi-nəzərdən itkiləri çox olsa da, hər bir halda hələlik Rusiya müharibəni maliyyələşdirə bilir. Məhz buna görə də Qərb Rusiya neft və qazına embarqo tətbiq etmək istəyir. Çünki bu yol Rusiya ordusunun maliyyələşməsinin qarşısını ala bilər. Amma Avropa Birliyində bu barədə vahid fikir yoxdur. Macarıstan etiraz edir. Almaniya, Avstriya prosesin ancaq cari ilin sonları üçün tətbiqini istəyir. Bu səbəblərdən hələlik Rusiya pis-yaxşı müharibə xərclərini ödəyə bilir. Amma Rusiyanın itkiləri belə davam edəcəyi təqdirdə müharibənin daha 6 ay uzanması fonunda Moskva onu maliyyələşdirməkdə xeyli çətinliklə üzləşəcək. Hətta bu dövrdə neft-qaz məsələsində Qərb razılığa gəlməsə də belə, Rusiyaya tətbiq edilən embarqo, digər xərclər ölkəni normal ritmdə saxlamağa imkan verməyəcək. Neft-qaz embarqosu isə müharibəni birdəfəlik Rusiyanın ziyanına bitirəcək. Ona görə də Rusiya tələsir”. 

Rüfət Sultan