Dünya 11:32 24.09.2022

Ryabkov əmin etdi: "Moskva heç kəsi nüvə silahı ilə hədələmir"

Rusiya heç kəsi nüvə silahı ilə hədələmir, lakin ABŞ nüvə silahından istifadə həddini bilərəkdən aşağı salaraq, Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid yaradır. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O, həmçinin əmindir ki, Vaşinqton öz nüvə arsenalında sabitliyi pozan modernləşdirmə aparır.

Xatırladaq ki, sentyabrın 21-də prezident Vladimir Putin Rusiya Federasiyası vətəndaşlarına müraciətində Qərbin anti-Rusiya siyasətində hər bir xətti keçdiyini, Rusiyaya qarşı daim təhdidlərin eşidildiyini bildirmişdi. "Qərb aqressiv anti-Rusiya siyasətində bütün sərhədləri keçib. Biz daim ölkəmizə və xalqımıza qarşı təhdidlər eşidirik”, - Rusiya lideri vurğulayıb.

Bundan əlavə, o, Qərbin Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadə etmək təhlükəsi ilə nüvə şantajından da istifadə etdiyini iddia edib.
Putin xəbərdarlıq edib ki, ərazi bütövlüyü təhlükə altına düşəndə Rusiya bütün mümkün vasitələrdən istifadə edəcək. "Ölkəmizin ərazi bütövlüyü təhdid ediləndə, şübhəsiz ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil”, - prezident bildirib.

Həmin gün Serbiya prezidenti Aleksandar Vuçiç Putinin bəyanatlarını şərh edərkən qeyd edib ki, Rusiya lideri Rusiyaya qarşı nüvə silahından istifadə ilə hədələndiyi halda onu hər vasitə ilə qorumaq barədə danışarkən blef etmir.

RİA Novosti xəbər verir ki, bu gün Çexiya prezidenti Miloş Zeman da MF DNES qəzetinə müsahibəsində buna eyham vurub.

"Mən rasional şəkildə düşünməyə öyrəşmişəm. Ona görə də Rusiyanın Ukraynaya hücum etməyəcəyi fikrini müdafiə etdim. Çünki bu, məntiqsiz (qərar) idi. Ancaq təəssüf ki, Rusiya siyasətində irrasionallıq getdikcə daha çox özünü göstərir. Və buna görə də mən nüvə silahının qarşısının alınmasının sadəcə blef olduğunu söyləməyə cəsarət etmirəm”, - deyə Zeman bildirib.

Alpər