İdman 20:05 27.08.2022

"Səbail" ilk qələbəsini "Kəpəz" üzərində qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Səbail" "Kəpəz"i qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıb. Gəncə klubunun heyətində 11-ci dəqiqədə Əfran İsmayılov fərqlənib.

Meydan sahiblərinin qollarını isə 51-ci dəqiqədə Qoba Zakpa, 55-ci dəqiqədə Franko Mazurek, 74-cü və 90+4-cü dəqiqədə Ağabala Ramazanov vurub.

Qonaqların heyətində Rauf Əliyev 70-ci dəqiqədə, Tural Axundov 90+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

İlk qələbəsini qazanan "Səbail" xallarının sayını 4-ə çatdırıb. "Dənizçilər" "Turan Tovuz" və "Zirə" ilə birlikdə 5-7-ci yerləri bölüşdürür. 4 görüşün hamısında məğlub olan "Kəpəz" - sonuncu 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər oyununda son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edəcək.