Ölkə 18:31 21.10.2022

Sərnişinlərin həyatlarını heçə sayan avtobus sürücüləri (VİDEO)

Sərnişinlə dolu avtobus yanacaqdoldurma məntəqəsinə daxil olur, yanacaqla təmin edilir və yoluna davam edir.

Görüntülər Qubanın Qaraçay kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Avtobusun içərisində bir nəfər sərnişin belə olsa, həmin avtobus yanacaqdoldurma məntəqəsinə daxil ola bilməz. Burada sürücü ilə yanaşı, sərnişin dolu avtobusu qəbul edən yanacaqdolduma məntəqəsinin rəhbərliyi də məsuliyyət daşıyır.

Görünən odur ki, buna heç kim məhəl qoymur. Demək olar ki, Qubadan avtobuslarla Bakıya üz tutan sərnişinlər hər gün bu təhlükə ilə üzləşirlər. Çəkiliş zamanı oxşar hal bir neçə saat ərazidə dörd dəfə yaşanıb. Avtobus sürücüsü və yanacaqdoldurma məntəqəsinin işçiləri isə susmağa və ərazidən uzaqlaşmağa üstünlük veriblər.

Məlum olub ki, sərnişinlərin paytaxta daşınmasını "Uğurlu Yol” MMC həyata keçirir. Araşdırma zamanı o da məlum olub ki, bu işdə məsuliyyət daşıyan yanacaqdoldurma məntəqəsi də elə bu şirkətin biznes dairəsinə daxildir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, indiyədək dəfələrlə adıçəkilən daşıyıcı şirkətin sürücülərinin bu cür qayda pozuntularını aşkarlanıb və onlar barəsində inzibati protokol tərtib edilsə də, bu cür hallara hələ də rast gəlinir. Amma bununla belə, hazırda ərazidə post-patrul xidməti əməkdaşları tərəfindən nəzarət daha da gücləndirilib. Belə hallara yenə də rast gəlinərsə, qanunamüvafiq qaydada tədbirlər görüləcək.

Ətraflı BAKU.TV-nin videosunda: