Dünya 12:44 24.05.2022

SSRİ-nin dağılmasından sonrakı çətin dövrü yaşayan Rusiya – 4 milyonluq beyin axını

Əgər bir ölkənin gücü onun xalqıdırsa, o zaman Rusiyanın problemi var.
 
Qaynarinfo xəbər verir ki, Əl-Cəzirə-nin Rusiyadan beyin axınına həsr olunmuş analitik araşdırması bu sözlərlə başlayır.

Əl-Cəzirə yazır ki, rəsmi statistikaya görə, 2022-ci ilin ilk üç ayında dörd milyona yaxın rusiyalı ölkəni tərk edib.

"Onların İT mütəxəssislərinə ölkəni tərk etməyə icazə vermək istəmədiklərini eşitdiyimiz üçün Rusiya sərhədində sorğu-sual olunmaqdan çox qorxurduq, ona görə də telefonlarımızdakı messencerləri sildik. Ancaq Vnukovo hava limanında bizdən apardığımız nağd puldan başqa heç nə soruşmadılar", - bu yaxınlarda sevgilisi ilə Kiprə gedən, Moskvalı 25 yaşlı İT mütəxəssisi Marina Əl-Cəzirə telekanalına deyib.

Baxmayaraq ki, bəziləri COVID məhdudiyyətləri yumşaldıldıqdan sonra iş və ya şəxsi səbəblərə görə səyahət etməyi planlaşdırırdılar, gedənlərin əhəmiyyətli bir hissəsi Ukraynanın işğalı, sanksiyalar, hərbi çağırış və hərbi vəziyyət qorxusuna görə ölkəni tərk edir.

Onların arasında Rusiyanın ən yaxşıları və ən ağıllıları var.

"Məncə, bu, ölkədə bütün ən vacib qərarların reallıqdan tamamilə uzaqlaşmış bir şəxs tərəfindən verilməsinə görə ortaya çıxmış kriminal macəradır", - indi Almaniyada onlayn təlimatçı işləyən, Sankt-Peterburqdan olan 32 yaşlı proqramçı Artur prezident Vladimir Putini nəzərdə tutaraq deyir. 

Mart ayında Rusiya Elektron Rabitə Assosiasiyasını qeyri-kommersiya qrupunun rəhbəri Sergey Pluqotarenko parlament komitəsində deyib ki, Ukraynada "xüsusi əməliyyat” başlayandan bəri Marina və Artur kimi 70 000 İT mütəxəssisi mühacirət edib. 

Bu gənc mütəxəssislərin bir çoxu nisbətən imkanlıdır, texnologiya mövzusunda savadlıdır və uzaqdan işləməyi bacarır.

"Müharibənin əvvəlində mənim vəziyyətim çox yaxşı idi, xarici valyuta ilə ödənilən maaşım, yeni Şengen vizam, Avropa peyvəndim vardı və təmir edilmiş noutbukla uzaqdan işləyirdim", - Artur Əl-Cəzirə kanalına deyir.

"Fevralın sonunda, müharibə başlayanda, bütün bunlar mənə hərəkətlilik baxımından çox kömək etdi – martın ortalarında Berlinə dostlarımın yanına getməyi planlaşdırdığım üçün, belə demək mümkünsə, çamadanlarım artıq hazır idi. Gedişimdən bir gün əvvəl Visa və Masterkardlarımızın xaricdə fəaliyyətini dayandıracağı bildirildi. Mənim bəxtim onda gətirdi ki, əmanətlərimin əksəriyyəti kriptovalyutada idi və nağdlaşdırma məsələsini həll etmək üçün özümlə bir fləş disk götürmək kifayət idi”.

İngiltərədəki Bath Spa Universitetinin iqtisadçısı İnna Pomorina deyir ki, bacarıqlı və savadlı rusların kütləvi şəkildə ölkəni tərk etməsi ona Sovet İttifaqının dağılmasından sonrakı çətin dövrdəki yaşadıqlarını xatırladır.

"Bu, 1918-ci ildə Rusiya Vətəndaş Müharibəsi zamanı və 1990-cı illərdəki mühacirəti xatırladır, - o, "Əl-Cəzirə”yə deyir. - Maaşlarımız ödənilmədiyi üçün yaşamaq çətin idi, ona görə də biz Rusiyanı tərk etdik. 90-cı illərdə bu, daha çox iqtisadi səbəblərə görəydi, indi isə daha çox siyasi səbəblərlə əlaqəli görünür”.

İndi ölkədən gedənlərin çoxu İT mütəxəssisləri, jurnalistlər, tədqiqatçılar və analitiklərdir. "Bu, istənilən "beyin axını" halında olduğu kimi iqtisadiyyata uzunmüddətli təsir göstərəcək. Ancaq iqtisadi böhran dövründə baş verdiyi üçün onun birbaşa təsirini hesablamaq çətin olacaq”, - Pomorina deyir. 

Rusiyada texnologiya firmaları xidmətlərə, müştərilərə və ödənişlərə çıxışı itirdikləri üçün siyasi və biznes mühiti çətinləşir. Baş ofisi başqa ölkələrdə olan bəzi texnologiya şirkətləri öz işçilərini və digər mütəxəssislərini hava yolu ilə daşımaq üçün təyyarələr kirayələyiblər. AB vizası varsa, bu istedadlı didərginlərin gedəcəyi yer Baltikyanı ölkələr – Latviya, Estoniya və Litvadır. Vizaları olmayanlar Türkiyə, İsrail, Qafqaz və Orta Asiyadakı keçmiş sovet respublikalarına gedirlər. 

Əgər əvvəllər Qırğızıstan, Tacikistan və Özbəkistandan olan miqrantlar adətən işləmək üçün Rusiyaya köçürdülərsə, indi müəyyən dərəcədə əksinədir, çünki gənc, peşəkar moskvalılar gələcəklərini İrəvan və Daşkənddə axtarırlar. Özbəkistan İT mütəxəssisləri üçün viza prosesini və yaşayış icazələrini sadələşdirib. Qazaxıstan da köçmək istəyən texnoloji sahibkarlara vergi güzəştləri və kreditlər təklif edir.

"Əlbəttə ki, beyin axını onların getdiyi ölkələrə fayda verir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı-nın məlumatına görə, Rusiyadan gedən miqrantların təhsil səviyyəsi həmişə ən yaxşılar arasında olub və onların getdiyi ölkələr təhsilləri üçün pul xərcləmədikləri çox bacarıqlı mütəxəssislər əldə edirlər”,- Pomorina deyir.

Bu arada isə Rusiya hökuməti bu cür parlaq, gənc ağılları ölkədə qalmağa təşviq etməyə çalışır. Mart ayında prezident Putin texnoloji işçiləri ordu xidmətindən azad edən və onlar üçün gəlir vergisinə güzəştlər edən qanun layihəsini imzalayıb.

Ancaq bu, kifayət olmaya bilər: hava yolları qiymətlərindəki kəskin artım apreldə köçün ilk dalğasını yavaşladıb, lakin Rusiya Elektron Rabitə Assosiasiyasından Pluqotarenko düşünür ki, ikinci dalğada 100.000-ə qədər texnoloji mütəxəssis köçə qoşulacaq.

Bununla belə, hərbi vəziyyətlə bağlı şayiələr təsdiqlənmədiyindən və çaxnaşma içində qaçanlar bank hesablarının bloklandığını görəndə, əvvəlki həyatları üçün darıxdıqlarından və ya həyatlarını daimi mühacirətə hazırlamaq məqsədilə geri qayıtdıqlarına görə prosesdə tədrici geridönüş müşahidə olunub.

Marina və Artur isə qayıtmağa tələsmirlər. "İki həftəyə yığışıb Kiprə getdik, lakin Kanadada daimi yaşamaq üçün müraciət etmişik və gələn il sənədlərin hazır olmasını gözləyirik", - Marina deyir.

"Hakimiyyət ölkədə müxalifəti və azad medianı məhv etmək üçün çox səy göstərib və mitinqə çıxmaq, hətta sosial şəbəkələrdə öz mövqeyini bildirmək artıq cinayət işi üçün əsasdır”, - Artur əlavə edib.

Nurlan Hüseynov