Dünya 12:10 30.07.2022

Tayvan üçün Konqresə Lend-Liz qanunu təqdim edilir

ABŞ Respublikaçılar Partiyasının nümayəndələri Tayvana Lend-Liz çərçivəsində silah tədarükü ilə bağlı qanun layihəsini Konqresə təqdim etməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Fox News-a istinadən məlumat yayıb.

Qanun layihəsinin təşəbbüskarları Respublikaçılar Partiyasının Nümayəndələr Palatasının üzvləri Mişel Stil və senator Marşa Blekberndir.

"Konqresdəki respublikaçılar kommunist Çinin aqressivliyinin qarşısını almaq məqsədilə Tayvana Lend-Liz hərbi yardım proqramını yaratmaq üçün qanun qəbul etməyə hazırlaşırlar", - xəbərdə deyilir.

Stilin sözlərinə görə, Çin Tayvana təzyiqi davam etdirdiyi müddətcə ABŞ "azadlıq və demokratiyanın tərəfində olmalıdır".

"Tayvan Hind-Sakit Okean regionunda bizim ən böyük tərəfdaşımızdır və onların daimi suverenliyi "Şərin yeni oxu”na meydan oxumaq üçün vacibdir", - Marşa Blekbern deyib.

O, həmçinin əlavə edib ki, Çinin nə deməsindən asılı olmayaraq, Tayvan ABŞ-ın onu dəstəkləmək niyyətindən, o cümlədən silah və texnika yardımından xəbərdar olmalıdır.

Materialda qeyd olunur ki, qanun layihəsi silah və hərbi texnikanın Tayvana verilməsinə və ya icarəyə verilməsinə icazə verəcək və bunun müqabilində Tayvan hökuməti xərcləri 12 il ərzində ödəməlidir.

Telekanalın məlumatına görə, qanun layihəsi artıq Konqresdə ikipartiyalı dəstək alıb.

Xatırladaq ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana planlaşdırılan səfəri Çin və ABŞ arasında gərginliyi ciddi şəkildə artırıb. Rəsmi Pekin səfərin ləğv edilməsini tələb edir, çünki bunu Çinin daxili işlərinə müdaxilə sayır. Vaşinqton qorxur ki, ABŞ nümayəndə heyətinin olduğu təyyarə hətta vurula bilər.

Bununla əlaqədar olaraq, ABŞ Tayvan sahillərinə bir təyyarədaşıyan gəmi göndərib, Pekin isə adanı Pelosi bu əraziyə səfər edəcəyi təqdirdə "qəzəbi hiss edəcəksiz" deyə təhdid edib.

Nizami Bağırov