Dünya 15:32 06.12.2022

Tehran rejimi hicabla bağlı sərt addımlar atmağa hazırlaşır (ŞƏRH)

İran hakimiyyəti hicab məsələsində geri çəkilmək niyyətində deyil. 

Qaynarinfo xəbər verir ki, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin əxlaq polisinin fəaliyyətinin dayandırlması kimi tirajlanan fikirlərinin əslində gərginliyi azaltmağa xidmət etdiyi aydın olub. Müntəziri özü də əxlaq polisinin faəliyyətinin dayandırlmasını qəti şəkildə bildirməyib. Sadəcə, bu qurumun məhkəmə-hüquq sisteminə aid olmadığını, keçmişdə yaradıldığını qeyd edib. Bu isə əxlaq polisinin ləğvi kimi başa düşülüb. İranlı fəallar baş prokurorun bu fikirlərini teokratik rejimin növbəti hiyləsi adlandırıb. 

"Onlar bizimlə söhbətlərində 44 il ərzində bir neçə dəfə əxlaq polisinin başqa-başqa adlar altında fəaliyyətinin şahidi olduqlarını bildirmişdi.  Müntəzirinin məlum açıqlamasının üzərindən bir gün keçməmiş iranlı fəalların haqlı olduğu üzə çıxıb”,-  İranlı deputat Hüseyn Cəlali açıqlamasında bildirib.

 İslam Şurasının Mədəniyyət komissiyasının üzvü olan Hüseyn Cəlali əminliklə bildirib ki, qadınlar yenidən hicab taxacaq. "Bir-iki həftəyə yaylıqlar qadınların başına qayıdacaq”, - deyə iranlı deputat vurğulayıb. 

Hüseyn Cəlalinin bu əminliyi hakimiyyətin hicab məsələsində yenidən sərt qaydalar tətbiq edəcəyindən xəbər verir. Artıq bunun bəzi konturları görünməkdədir. Aydın olur ki, bundan sonra hicab qadağasını pozanlar əxlaq polisi tərəfindən saxlanılmasalar da, onlara SMS göndəriləcək, qanuna riayət etməyə dəvət olunacaqlar. Əks təqdirdə onlara qarşı müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Məsələn, bank hesablarının dondurulması, ölkədən çıxışının yasaqlanması və s. 

Hüseyn Cəlali İranda etiraza qalxanlar barədə danışarkən onları "quldur” adlandırıb. "İğtişaşlar artdıqca, quldurlar, dəstələr də artır”, - deyə o bildirib. İranlı deputat həmçinin qeyd edib ki, hazırda İranda etirazçı qadınların hicab taxmaması müvəqqəti xarakter daşıyır. İranda "Əmre Be-Məruf və Nəhy Əz-Münkər” adlı bir qurum var. "Əmre be məruf və nəhy əz münkər” -  "yaxşılığa dəvət, pislikdən çəkindirmək” deməkdir. Bu, ümumi və İslamın ən vacib hökmlərindən biridir ki, "Quran”la təsbit olunub. Üləmalar bu hökm barədə danışarkən "Quran”ın "Ali İmran” surəsinin 104-cü ayəsinə istinad edirlər. Həmin ayədə deyilir: "(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. 

İran teokratik rejim olduğuna və şəriət qaydaları ilə idarə olunduğuna görə orada şəriət hökmləri ilə bağlı ayrıca qurum təsis edilib. Həmin qurumun rəsmisi Əli Xan Məhəmmədi də hicab qanunundan danışarkən alternativ üsulların tətbiq ediləcəyini bildirib. 

İran parlamentinin Məhkəmə-hüquq komissiyasının sədri Musa Qəzənfərabadi isə deyib ki, müşahidə kameralarından hicab məsələsində də istifadə olunacaq. Onun sözlərinə görə, hicab qanunu pozanlar bu kameralarla müəyyən edildikdən sonra cəza olaraq onların bir sıra sosial hüquqları məhdudlaşdırıla bilər. 

Beləliklə, göründüyü kimi, Tehran İslam Respublikası 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarında səsləndirilən tələbləri dinləmək belə istəmir. Əksinə, rejim daha da sərtləşdirilir. Ekspertlərin fikrincə, teokratik rejimin bu addımları gərginliyi daha da artıracaq və qanlı qarşıdurmalara rəvac verəcək. 

Seyid