Ölkə 14:47 03.05.2022

Tələbələrə əxlaqsız təklif etməkdə ittiham olunan müəllimlə bağlı açıqlamalar

Lənkəran Dövlət Universiteti sosial şəbəkələrdə tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi iddia olunan müəllimlə bağlı məsələyə münasibət bildirib.


Təhsil ocağından Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, tələbələrə əxlaqsız təkliflər etdiyi iddia edilən müəllim X. (ad şərtidir- red.) Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşıdır:
 
"Lənkəran Dövlət Universitetində 0,5 ştatla işləyir. Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparıldığını açıqlayıb. Fakt təsdiqini tapsa, universitet də ən sərt cəza tədbiri görəcək".
 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, vəkil Günel Səfərova Qaynarinfo-ya açıqlamasında bildirib ki, əgər baş verən hadisədə cinayət faktı təsdiqini taparsa, bununla bağlı konkret olaraq hüquqi ölçü götürülməlidir.

Daxili İşlər Nazirliyi də Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

O qeyd edib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq".

X. da artıq açıqlama verib. O, mediaya açıqlamasında bildirib ki, yayılan video əslində 1 il əvvəl çəkilib və tələbələrlə heç bir əlaqəsi yoxdur: 

"Yayılmış görüntülərlə bağlı onu deyə bilərəm ki, 2021-ci ildə "Facebook”da "Messenger”imə müəyyən videolar gəlirdi. İstər-istəməz telefona gələn linkləri açıb baxırıq. Mən həmin videolara baxan kimi bağlayırdım”.

X. qeyd edib ki, tələbələrə qiymət yazmaq üçün əxlaqsız təkliflər etməsinə dair yayılan məlumatlar yalandır və məlum video tələbələr tərəfindən yayılmayıb: 

"Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Mənim tələbələrlə yalnız müəllim münasibətim var”.

X. iddia edib ki, video onu şantaj etmək məqsədi ilə ictimailəşdirilib.

Bahar Rüstəmli