Ölkə 10:38 24.09.2022

"Turan" klinikasında həkimin otağından oğurluğu kim edib?

Xətai rayon Məhkəməsi Sarayevo küçəsində yerləşən "Turan" klinikasında həkimin otağından oğurluq edən pasiyentlə bağlı qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, təqsirləndirilən şəxs Zabit Hüseynov (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilib. 

O, ifadəsində göstərib ki, təxminən 9 ildir Hepatit C xəstəsidir. Buna görə də bəzi vaxtlarda Bakı şəhərinə müalicə üçün gəlib. Sonuncu dəfə 25 may 2022-ci il tarixdə analiz qiymətləri ilə maraqlanmaq məqsədi ilə Xətai rayonu, Sarayevo küçəsində yerləşən "Turan" klinikasına yollanıb. Qiymətlərlə maraqlandırdıqdan sonra klinikadan çıxmaq istəyərkən, 2-ci mərtəbədə 204-cü otağın qapısının nisbətən açıq olduğunu, içəridə kimsə olmadığını və dolabın içərisində çanta olduğunu görüb. Zabit Hüseynov otağa daxil olaraq dolaba yaxınlaşıb və çantadan pul kisəsini götürərək dərhal oradan uzaqlaşıb. Pul kisəsindən 2800 manatı götürərək, onu kənara atıb. Daha sonra avtovağzala yollanaraq, avtobusla Tərtər rayonuna gedib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş həkim ifadəsində göstərib ki, oğurlanmış pul kisəsinin dəyəri 600 manat və içərisində 2800 manat nağd pul olub.

Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Zabit Hüseynov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum olunsun. Qərara əsasən, onun cəzası 5 iyul 2022-ci il tarixdən hesablanacaq.

Əhməd