Siyasət 12:52 05.07.2022

Üçüncu Qarabağ savaşı başlayacaqmı? - ŞƏRH

Son zamanalar media və ictimai müzakirələrdə Qarabağda savaşın yenidən başlayacağı barədə anonslar verilir. Azərbaycanla Ermənistan arasında sülh müaaviləsinin bağlanması, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində danışıqların aparılması ilə yanaşı, ara-sıra prosesdə gərginlik də yaşanır. 

Laçın dəhlizinə alternativ dəhlizin tikintisi fonunda erməni tərəfi yenidən öz aqresiv əhval-ruhiyyəsini qaldırıb. Məqsəd sözsüz ki, vəziyyəti yenidən kəskinləşdirərək, prosesi əngəlləməkdir. Bundan başqa, hələ d 10 noyabr bəyannaməsinin bir sıra bəndləri yerinə yetirilmir. Bütün bunlar fonunda savaşın yenidən alovlana biləcəyi barədə fikirlər genişlənməkdədir.

Məsələni Qaynarinfo-ya şərh edən politoloq Tural İsmayılov bildirir ki, yaxın perspektivdə belə bir savaşın işartıları görünmür:
 
"Hesab edirəm ki, yeni savaşın olması ehtimalı ilə bağlı səslənən fikirlər reallığa söykənmir. Koronavirus pandemiyasının dünya iqtisadi sisteminə vurduğu zərbələrin təsirləri hələ yeni-yeni hiss edilməyə başlayıb. Pandemiya səngisə də, onun törətdiyi iqtisadi təlatümlər hələ davam edir. Buna əlavə olaraq Rusiya-Ukrayna savaşı və dünyanı bürüyən ərzaq böhranı həyəcanlı dövrlərin yaxınlaşdığını söyləməyə əsas verir. Bu baxımdan, hesab etmirəm ki, hazırda böyük güclər bölgəmizdə yenidən savaşın alovlanmasında maraqlı olsunlar. 

Ukrayna savaşının taleyi və ondan sonrakı dövrdə dünya iqtisadi sistemin necə təsirlənəcəyi haqqda dəqiq ssenarilər yoxdur. Taxıl və buğda məhsulu ilə bağlı ciddi problemin yaşanması söyləməyə əsas verir ki, böyük güclər hazırda regionumuzda hansısa yeni savaşın olmasında maraqlı deyillər. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, ölkəmiz bundan sonra regionda hansısa formada gərginliyin olmasında maraqlı deyil. Deməli, Azərbaycan bölgədə savaş istəmir. Amma ermənilər təxribata əl atsa və danışıqlardan imtina etsə, Azərbaycan Prezidentinin vurğuladığı kimi "dəmir yumruq” yerindədir. Hər halda gedən proses göstərir ki, yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında hansısa bir savaş perspektivi görünmür”.

Rüfət Sultan