Dünya 16:26 24.05.2022

Ukrayna kəşfiyyatı USQ-nin Krıma nə vaxt girəcəyini açıqladı (VİDEO)

Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin sonuna kimi Rusiyanın müvəqqəti işğal etdiyi Krım ərazisinə daxil ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "Ukrainska Pravda”ya müsahibəsində bildirib.
Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin aktiv fazası ilin sonuna qədər maksimum azalma həddinə çatmalıdır.

"İlin sonuna qədər biz ən azı Krım ərazisinə daxil olmalıyıq", - Budanov bildirib.

Ukrayna kəşfiyyatının baş zabiti Rusiyanın normal müharibə aparmaq üçün resurslarının cəmi 12 aya bəs edəcəyini vurğulayıb.

Budanov hesab edir ki, müharibə yalnız bir yolla başa çatacaq: bu, Krım da daxil olmaqla, Ukraynanın işğal olunmuş bütün ərazilərini qaytarandan sonra baş verəcək.

Bundan əlavə, onun fikrincə, müharibə Rusiya üçün bu variantlardan biri ilə başa çatacaq: Rusiya Federasiyasının ərazi bütövlüyünü formal olaraq qorumaqla siyasi rəhbərliyin dəyişdirilməsi və ya Rusiyanın üç və ya daha çox hissəyə bölünməsi.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl deyib ki, bu gün Krımın Rusiya işğalından hərbi yolla geri qaytarılması cəhdləri yüz minlərlə ukraynalı əsgərin ölümü demək olardı.

Bundan əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Ukraynanın fevralın 24-dək Rusiyanın işğal etdiyi Krımı və Donbas rayonlarını azad edə biləcəyini bildirmişdi.
 
Alpər