Dünya 14:00 07.09.2022

Ukrayna nə vaxt torpaqlarını azad edəcək? - ABŞ generalının proqnozu

Bu ilin sonuna qədər Ukrayna ordusu rus işğalçılarını fevralın 23-dəki mövqelərinə geri oturda bilər. Eyni zamanda, Krımın qaytarılması da elə 2023-cü ildə mümkündür.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hodcesin "Kanal 24” telekanalına müsahibəsində istinadən məlumat verib.

"Mən əminəm ki, rusların döyüşmək iradəsi yoxdur. Onlar orduya getmirlər. Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat qüvvə axtarır. Hətta döyüşməyə məcbur etmək üçün həbsxanalara gedirlər. Çünki insanlar ordunun bir hissəsi olmaq istəmirlər. Bütün bunlar onu göstərir ki, ruslar zəifləyib və tükəniblər”, - Hodces bildirib.

Onun fikrincə, bir neçə vacib amilə riayət olunarsa, ruslar "dağılacaq”:
• birlik qorunsa
• Ukrayna lazım olan hər şeylə təmin edilsə
• Hamı Ukraynanın qələbə qazanmasını və buna nail olması üçün ona kömək etməsinin vacibliyindən danışmağa davam etsə.

"Mənə elə gəlir ki, qarşıdakı bir neçə həftə ərzində bizi çətin döyüşlər gözləyir və potensial olaraq Rusiya qoşunları "dağılacaq”. Onların vəziyyətini tezliklə necə yaxşılaşdıra biləcəklərini görmürəm. Bununla belə, biz Ukraynanı ehtiyacı olan hər şeylə təmin etməliyik", - Hodces bildirib.

Nizami Bağırov