Dünya 16:52 26.09.2022

Ukrayna Rusiyanın İrana məxsus PUA-larının idarə mərkəzini vurdu

Ukrayna müdafiəçiləri Xerson vilayətinin Çulakovka kəndində yerləşən rusiyalıların məntəqəsinə hücum ediblər. Orada böyük ehtimalla İran pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzi olub.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna "Xerson onlayn”a istinadən xəbər verir.

"İşğalçılar yəqin hesab ediblər ki, bazanın yerini müəyyənləşdirmək çətin olacaq, lakin Ukrayna kəşfiyyatı mükəmməl işləyib və zərbənin koordinatlarını ötürüb", - məlumatda deyilir.

Çulakovkadakı partlayışları Odessa mülki-hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk da öz Telegram hesabında təsdiqləyib.

Qeyd edilir ki, Çulakovkada "LXR” qüvvələri və kamikadze dronların iranlı təlimatçıları yerləşib. Ehtimal edilir ki, ruslar Odessaya və vilayətə məhz oradan hücum ediblər.

Hələlik hərbçilər və yerli hakimiyyət partlayışlarla bağlı rəsmi şərh verməyib.

Nizami Bağırov