Siyasət 12:39 12.09.2022

Ukraynanın savaşdakı revanşı nə ilə nəticələnə bilər?

Son 5 gündə Ukrayna ordusu Rusiya ilə müharibədə əhəmiyyətli qələbələr əldə edib. Rusiya ordusu işğal etdiyi xeyli ərazidən çıxmalı olub. Xarkov ətrafında ukraynalılar daha çox uğur qazanıblar. Ukrayna Silahlı Qüvvələri 5 gün ərzində 30-dan çox yaşayış məntəqəsini azad edib. Balakleya, Kupryansk, Bayrak, Novaya Qusarovka, Şçurovka və Olxovatka qəsəbələri bir gün ərzində azad olunub. 

Son məlumata görə, strateji əhəmiyyətli İzüm şəhəri də artıq Kiyevin nəzarətinə qayıdıb. Qısa zamanda ukraynalı döyüşçülər 3 min kvadrat kilometr ərazini işğalçılardan təmizləyib. Rusiya Müdafiə Nazirliyi isə məğlubiyyəti etiraf etmək əvəzinə, prosesə don geyindirərək, iddia edib ki, Donetsk istiqamətində səyləri artırmaq üçün Balakliya və İzüm bölgələrində qoşunların yenidən qruplaşmasına qərar verib. 

Bu arada Fransa prezidenti Emmanuel Makron da Rusiya prezidenti Vladimir Putinə zəng edərək, ona hərbi əməliyyatları tez bir zamanda dayandırmağı və yayın əvvəlindən dayandırılmış danışıqları bərpa etməyi təklif edib. 

İndi çoxlarını belə bri sual düşündürür: Ukrayna cəbhəsində nə baş verir? Ukraynanın son uğurlarının müharibəyə hansı təsirləri olacaq?
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son hadisələr Rusiya ordusunun müqavimət potensialının zəiflədiyinin göstəricisidir:



"Ukrayna ordusunun bu uğuru nəticəsində rus qoşunları 5 ay müddətində işğal etdiyi ərazilərdən geri çəkilməli olublar. Hazırda təşəbbüs Ukraynanın əlinə keçib. Kiyev 3 min kv.km-dən artıq ərazini azad edib. Azad edilən ərazilər arasında elələri var ki, onlar yol qovşağında yerləşdiyindən, rus qoşunlarının təminat-təchizatında kritik əhəmiyyət daşıyıb”.

Ekspert qeyd edir ki, artıq mənəvi-psixoloji və döyüş üstünlüyü tamamilə Kiyevin tərəfinə keçib:

"Bundan Ukrayna tərəfi kifayət qədər yararlanmağa çalışacaq və hücumun miqyasını bir qədər də genişləndirəcək. Çünki hazırda rus ordusunda xaos müşahidə olunur. Onlar ya Ukraynanın bu addımını proqnozlaşdırmayıb, ya da artıq müqavimət göstərmək gücündə deyillər”.

Həmsöhbətimizin fikrincə, Rusiya ordusunun belə biabırçı vəziyyətə düşməsi ondan xəbər verir ki, onlar real vəziyyətə uyğun adekvat qərarlar qəbul edə bilmir:

"Real döyüş şəraiti zaman-zaman dəyişə bilər. Amma komandanlıq ondan ötrüdür ki, döyüş şəraitinə uyğun qərarlar verə bilsin. Belə qərarların rus ordusunda qəbulu çətinləışir. Ruslar baş verənləri əvvəlcədən nəzərə almayıblar. Ukrayna müəyyən miqdarda uzaq mənzilli hava hücumundan müdafiə sistemləri və aviasiya vasitəsi əldə edərsə, yaxın zamanda Rusiya ilə sərhədə doğru irəliləyə bilər”. 

Rüfət Sultan