İdman 15:21 05.08.2022

Vəli Qasımov yeni futbol mövsümündə kimi daha şanslı görür? (MÜSAHİBƏ)

Azərbaycanın tanınmış veteran futbolçusu Vəli Qasımov "Neftçi”nin Konfrans Liqasındakı çıxışı haqda düşüncələrini bölüşüb. 

Millimizin sabiq baş məşqçisi Qaynarinfo-ya müsahibəsində bu gün startı veriləcək Azərbaycan çempionatı ilə yanaşı, İslamiadada çıxış edəcək millimizin durumundan da danışıb. 

- "Nefçi”nin oyununu qiymətləndirməyinizi istərdik…

- Birinci hissəyə çox yaxşı başladılar. Bir də ki, şəxsi fikrimdir, komandada sistem görmədim. Çox sadə oynayırlar. Mübarizə aparırlar, amma dəqiq oyunlarını tapmayıblar. İkinci hissədə kənardan göründü ki, "boşaldılar”. Görünürdü ki, qol buraxacaqlar, elə də oldu. Yəni, qeyri-sabit oyun nümayiş etdirdilər. Yenə də ümid var, "Neftçi” əvvəlki mərhələdə də göstərdi ki, oyunu çevirə bilir. İnanıram ki, çətin də olsa qələbə qazanacaqlar.

- Rəqib gözlənildiyi kimi güclü idi?

- Yaxşı başlamışdılar. Amma ikinci hissədə 30-35 dəqiqə görünmədilər. Sona 10 dəqiqə qalmış rahat oynamağa başladılar. "Rapid” göstərdi ki, daha intizamlı oynayır və zəif deyil. Düzür, əvvəlki "Rapid” də deyil. Səfərdə oynadıqları üçün müdafiəyə çox fikir verirdilər. Yəqin ki, Avstriyada daha yaxşı oynayacaqlar. Avropa komandalarının hamısı evdə yaxşı oynayır. Ümumiyyətlə, hər kəs istəyir ki, ilk oyunu səfərdə, ikincini evdə oynasın. Əksər komandalar ehtiyatla oynayırlar. Ona görə də "Neftçi” üçün çətin olacaq. 

- "Neftçi”nin yeni baş məşqçisinin özünəməxsus sistemi var. Ümumiyyətlə, onun taktikası haqda hansı fikirdəsiniz?

- Sistemi başa düşə bimirəm, çox sadə futbol oynayırlar. Deməzdim ki, komanda ötürmələrlə sürətli şəkildə hücuma gedir. Düzdür, məşqçilər, oyunçular yenidir. Yəqin ki, komandanı qurmaq üçün vaxt lazımdır. Sevindirici məqam odur ki, yeni transferlər özlərini yaxşı tərəfdən göstərir. Xüsusilə 5 nömrəli futbolçu Kenni Sayefi fərqləndirərdim. Qolu da yaxşı vurdu. Görünür, meydançada işləyir, təcrübəsi çoxdur. 

- Komanda bu heyətlə Premyer Liqada "Qarabağ”la başabaş oynaya biləcək?

- "Neftçi” "Neftçi”dir. Həmişə hər kəs Azərbaycan çempionatında "Neftçi”nin "Qarabağ”la oyunlarını gözləyir. Amma indiki vəziyyətdə "Qarabağ”dan uzaqdadırlar. Lakin çempionat uzun, zədələr çox olacaq. "Qarabağ” hazırda "Neftçi”dən üstündür. Buna baxmayaraq, komanda tam qurulmayıb. Hələ çox şey dəyişiləcək. Ona görə də keçənilki və indiki "Neftçi”ni müqayisə etmək çətindir. Bəzən olur ki, komanda avrokuboklarda yaxşı oynayır. Amma Azərbaycan çempionatında uşaqları tanımaq olmur. Hələ ki, yeni transferlər yaxşıdır. Sonra necə olacaqlar, bu, çempionatda görünəcək.

- Azərbaycan çempionatı başlayır. Nəsə fərqlilik gözləyirsiniz?

- Yenilik ondan ibarətdir ki, Premyer Liqada komandaların sayı artıb. 10 komanda olması Azərbaycan futbolu üçün yaxşıdır. Digərləri də yavaş-yavaş güclənirlər, özlərinə sponsor axtarırlar. Bu, çempionatı daha maraqlı edəcək.

- Yəqin ki, klublarımızın hazırlıqları ilə maraqlanırsınız. Bu mövsüm iddialı komandaların sayının artması gözlənilir?

- Çətindir nəsə demək. Ötən mövsümə baxsaq, "Zirə” iki ildir özünü yaxşı tərəfdən göstərir. Bəzi komandalarda məşqçilər dəyişilib. Yeni futbolçular gəlib. 

- "Kəpəz”lə "Turan Tovuz”un büdcəsi təsdiqlənməyib. Transfer etdikləri legionerlər isə o qədər də bahalı deyil. Çox güman hansısa boşluqları doldurmaq üçün alınıblar. Bu vəziyyətdə onlar ölkə çempionatına nə dərəcədə rəng qata biləcək?

- Orası düzdür. Amma indi hərə öz büdcəsinə görə futbolçular alır. Həmişə demişəm, legioner gətirirsənə, o, yerli futbolçulardan qat-qat üstün olmalıdır. Yenə də hər şey büdcədən asılıdır. Yaxşı legioner gətirmək lazımdır. Eksperiment üçün, tanınmamış futbolçu almaq düzgün deyil. Elə kasıb ölkələr var ki, oradan yaxşı futbolçular tapmaq mümkündür. "Kəpəz”lə "Turan Tovuz”a gəlincə, məncə boy göstərə bilərlər. Hər şey özlərindən asılıdır. Gətirdikləri oyunçuların səviyyəsi haqda hələ dəqiq heç nə bilmirəm. Bəzən olub ki, futbolçular zəif ölkələrdən gəlib, özlərini yaxşı tərəfdən göstərib. 

- İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək millimiz haqda düşüncələriniz necədir?

- Eşitdiyimə görə, Samir Əliyev komandanı yığmaq üçün çox əziyyət çəkib. Klubların əksəriyyəti gənc oyunçularını buraxmaq istəmirdi. Komandanı tam formalaşdırandan sonra İslamiadaya aparmaq daha yaxşı olardı. Ancaq Samir bunu edə bilmədi. Klublardan kim hansı oyunçunu verdisə, onları da yığıb apardı. Hazırlıqsız getdikləri üçün, yaxşı nəticə göstərəcəklərini deyə bilmərəm. Şəxsi fikrimdir, bu məsələdə Samiri günahlandırmaq olmaz. Çox komandalarda maliyyə problemi var, büdcələri təsdiqlənməyib deyə onları başa düşmək mümkündür. Digər tərəfdən Premyer Liqa da başlayır. Bəlkə də çempionatı bir qədər gec başlamaq olardı. Ona görə də çətin olacağını düşünürəm.

Səbuhi Həsənov