Dünya 13:18 07.07.2022

Putin - Paşinyan danışıqları: Moskva və İrəvanın zidiyyətli bəyanatları (ŞƏRH)

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıqlarda tərəflər ikitərəfli əlaqələri, regionda cərəyan edən prosesləri müzakirə ediblər. Həmçinin, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanan üçtərəfli bəyanatların icrası da müzakirə edilib. Tərəflər delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar. 

Maraqlıdır ki, görüşdə müzakirə edilən məsələlərlə bağlı Kremlin yaydığı məlumatla Ermənistan baş nazirinin rəsmi məlumatı arasında fərqliliklər var. Belə ki, Kremlin saytında ölkə liderlərinin Ermənistan-Türkiyə münasibətlərindən də danışdıqları bildirilir. Amma Ermənistan hökumətinin görüş barədə verdiyi məlumatında bu məsələ yer almayıb. Digər tərəfdən, Kremlin saytında Paşinyanın saytından fərqli olaraq, Qarabağ ətrafında müzakirələrdən bəhs edilmir. 

İki ölkə rəhbərinin telefon danışığını Qaynarinfo-ya açıqlamasında dəyərləndirən politoloq Tural Rzayevin fikrincə, Paşinyan böyük ehtimalla bu zaman Putinə sədaqətli olduğunu nümayiş etdirmək istəyib:
 
"Paşinyanla Putin bu telefon zəngilə artıq 35-ci dəfədir ki, əlaqə yaradırlar. Rusiya indiki vəziyyətində yaxın qonşuları ilə təmaslarını artırmağa çalışır. Ermənistanda isə son dövrlər mərkəzdənqaçma meyli müşahidə olunur. İrəvan hər vəclə Qərbə yaxınlaşmağa çalışır. Bu isə Moskvada böyük narahatlıq doğurur. Kreml Ermənistanın öz nüfuz dairəsindən çıxmasını istəmir. Ermənistanın iqtisadiyyatı Rusiyanın nəzarətindədir. Sərhədlərini, hava məkanını da Rusiya qoruyur. İrəvan hər hansı hava limanından istifadə edərkən Rusiyanın icazəsini almalıdır. Son dövrlər Paşinyanla Kreml arasında fikir ayrılıqları yaranıb. Paşinyan Avropa İttifaqının Brüsseldə təklif etdiyi planı dəstəkləyib. O, həm Türkiyə ilə yaxınlaşma, həm də Azərbaycanla sülh müqaviləsinin imzalanması tərəfdarıdır. Moskva isə bu məqama təzyiq vasitəsi kimi baxaraq, sülh nüzamlanmasını gecikdirmək istəyir. Bu zaman "Qarabağ klanı” və separatçı rejimin qalıqlarından öz maraqları naminə istifadə edir. Nəticədə Paşinyan Ermənistan daxilində faktiki olaraq dövləti idarə edə bilməyən bir həddə gəlib çıxıb. Bu fonda Paşinyan böyük ehtimalla telefon danışığında Rusiyaya sədaqətli olduğunu inandırmağa çalışır”.
 
Telefon danışığında müzakirə edilən məsələlər barədə Ermənsitan rəsmi saytı ilə Rusiyanın rəsmi saytı arasında verilən məlumatlarda olan fərqliliyə gəldikdə, həmsöhbətimizə görə, bu tərəflərin istək və gözləntilərilə bağlıdır:
 
"Rusiya istəyir ki, Paşinyan Ermənistanı Qərblə inteqrasiya, Bakı və Ankaraya yaxınlaşmağa doğru istiqamətləndirməsin və Kremlə tam sadiq olsun. Ona görə də danışıq barədə Rusiya saytında verilən bəyanatda daha çox İrəvan-Ankara münasibətlərinı toxunulub. Bununla Ermənistana hədd göstərilib ki, Türkiyə ilə həddən artıq yaxınlaşmasın. Eyni şəkildə Paşinyan Rusiyadan daha çox Qarabağ məsələsində Arutunyanın mərkəzi hökumətə tabe olması, separatçı xuntanın İrəvanı çətin vəziyyətə salmasına görə, Azərbaycanın təzyiqlərinə qarşı dəstək olmasını istəyir”. 

Rüfət Sultan