Siyasət 16:27 09.12.2022

Qarabağ ermənilərinə hansı hüquqlar veriləcək? - "Xüsusi statusun verilməsi..."

"Qarabağda yaşayan ermənilər öz mədəniyyətlərinin inkişaf etdirilməsi üçün müəyyən tədbirlər görə, məktəblərində öz dillərində dərslər keçə bilərlər. Amma eyni zamanda, Azərbaycanın dövlət dilində də dərslər keçməyə borcludurlar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Qarabağda yaşayan və Azərbaycan qanunlarını qəbul edən erməni əhalisinə hansı hüquqların verilə biləcəyinə münasibət bildirərkən deyib. Partiya rəhbəri bildirib ki, Azərbaycanda yaşayan digər milli azlıqlara hansı hüquqlar verilibsə, ermənilər də həmin hüquqlardan istifadə edə bilərlər:

"Qarabağda yaşayan ermənilər özlərini Azərbaycan vətəndaşı hesab edir, Azərbaycan dövlətinin suverenliyini qəbul edirlərsə, onlara heç bir xüsusi imtiyaz verilməli deyil. Azərbaycanda yaşayan digər milli azlıqlara hansı hüquqlar verilibsə, ermənilər də həmin hüquqlardan istifadə edə bilərlər. Təbii ki, mədəniyyətlərinin inkişaf etdirilməsi üçün müəyyən tədbirlər görə bilərlər. Habelə, onlar məktəblərində öz dillərində dərslər keçə bilərlər. Eyni zamanda, Azərbaycanın dövlət dilində də dərslər keçməyə borcludurlar”.  
 


Həmsöhbətimiz bildirir ki, başqa ərazilərdə bələdiyyələr necə yaradılıbsa, ermənilərin yaşadığı ərazilərdə də sözügedən qurumlar həmin əsasda yaradılmalıdır: 

"İdarəetmə strukturları başqa ərazilərimizdə necədirsə, onlarda da həmin formada ümumi əsaslarla yaradılmalıdır. Həmin şəxslərə Azərbaycan vətəndaşlarından fərqli xüsusi statusun verilməsi mümkün deyil. Azərbaycan Konstitusiyası hansısa mili azlığa xüsusi statusun verilməsinə yol vermir. Azərbaycanda xeyli sayda digər milli azlıqlar da yaşayır. Onların hər birinə xüsusi status verməli deyil ki. Ermənilər isə 30 ildən çoxdur dövlətimizə xəyanət ediblər. Hesab edirəm ki, ermənilər Azərbaycan dövlətinin tərkibində yaşamaq istəyirsə, dövlətimizin qanunlarına tabe olmalıdırlar. Həmin yerlərin gələcək inzibati-ərazi bölgüsünü də Azərbaycan tərəfi müəyyənləşdirir. Burada dövlət maraqları, habelə yerli, iqtisadi şərait əsas olaraq götürülür”. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması istiqamətində guya razılığın əldə olunduğuna dair bəyanatına münasinət bildirərkən, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunduğunun yalan olduğunu deyib. O, qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyəti birtərəfli qaydada təhrif olunub. 

Rüfət Sultan