Siyasət 12:19 17.08.2022

Təxribatların qarşısını ordu almalıdır - Ekspert

Laçın dəhlizinə alternativ yolun salınması fonunda avqustun 5-də Laçın və Zabuxdan çıxmalı olan ermənilərin xahişilə bu vaxtın avqustun 25-dək uzadılmasından görünən odur ki, qarşı tərəf öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edir. Belə ki, ermənilər Ağdam və Kəlbəcəri tərk etdikləri zamanı olduğu kimi yenə də evləri yandırır, müxtəlif abidələri dağıdır, söküb aparırlar. Hətta bu azmış kimi erməni terrorçular Laçında piyadalar əleyhinə mina basdırıblar. Deməli, hədəf geri qayıdacaq mülki Azərbaycan əhalisidir. Baş verən proses onu göstərir ki, ermənilərin daha ciddi təxribatlarının qarşısını müəyyən qədər olsa da almaq üçün Azərbaycan tərəfi təcili bir sıra addımlar atmalıdır. Bəs bu addımlar nələrdən ibarət olmalıdır?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirir ki, yaranmış vəziyyətdə əraziyə Azərbaycan Ordusu yeridilməli və ermənilərin çıxışını özümüz təmi etməliyik:

"Bəyanatla, xəbərdarlıqlarla bunun qarşısını almaq alınmır. Hesab edirəm ki, ermənilərin bu təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusu onlara qarşı müəyyən əməliyyatlar həyata keçirməlidir. Gərəkirsə, əraziyə qoşunlarımızı yeritməli və ermənilərin oradan çıxışını özümüz təmin etməliyik. Onun qarşısının başqa yolla alınması mümkün görünmür. Əks təqdirdə, yenə də minlərlə basdırılan mina təhlükəsilə üz-üzə qalacağıq, meşə və evlərin məhvini müşahidə edəcəyik.  Azərbaycan Ordusunun bu fonda müdaxilə etməsi prosesin gələcək inkişafının qarşısını almaq yolunda ən effektiv vasitədir. Ərazidə baş  verənlər bunun zəruri olduğunu göstərir. Bəyanat və xəbərdarlıqla bu  alınmır. Belə olan halda Azərbaycan öz ərazisi olan Laçına birbaşa  müdaxilə hüququna malikdir. Buna görə dünyada kimsə bizi qınaya bilməz”.

Rüfət Sultan